ATƏT Ofisi Azərbaycan polisi üçün ictimai toplantıların idarə edilməsi sahəsində təlimlər keçirir
BAKI, 16 aprel 2012 – Bu gün ATƏT-in Bakı Ofisi Azərbaycan polisi və daxili qoşunlar üçün ictimai toplantıların idarə edilməsi üzrə ikihəftəlik təlim kursuna başlayıb.
Almaniyanın Şlezviq-Holşteyn ştatından olan polis təlimçiləri ATƏT-in öhdəlikləri və digər beynəlxalq standartlar, eləcə də insan hüquqları normalarına uyğun şəkildə ictimai toplantıların idarə edilməsi sahəsində öz təcrübələrini Azərbaycanlı həmkarları ilə bölüşəcəklər.
“Dinc toplaşmaq azadlığı hər bir insanın ən vacib hüquqlarından biridir və bu azadlıq Azərbaycan Respublikası Konstitusiyasında da öz əksini tapıb”, bu sözləri ATƏT-in Bakı Ofisinin Siyasi-Hərbi şöbəsinin rəhbəri, Con MacQreqor açılış nitqində bildirib. “ATƏT Azərbaycan polisini ictimai toplantıların idarə edilməsində dəstəkləyir və bütün insanların təhlükəsizliyinin təminatı üçün kifayət qədər məhdud, ölçülü, mütənasib və minimal güc tətbiqinə əsaslanan davranışı təşviq edir.”
Təlim kursu ictimai toplantılar zamanı asayişin və təhlükəsizliyin qorunması, insanın şərəf və ləyaqətinə hörmət, saxlanılanlarla rəftarın standartları, kütləvi qiyamların idarə olunması, gərginliyin azaldılması və digər məsələləri əhatə edəcək. Təlim zamanı nəzəri və praktiki tapşırıqlar, müzakirələr, işçi qrup fəaliyyəti ilə yanaşı praktiki nümayişlər də təşkil olunacaq.
ATƏT-in Bakı Ofisi Azərbaycanın mərkəzi və regional polis idarələrində dinc toplaşmaq azadlığının icrasını təmin etmək məqsədilə 2005-ci ildə öz təlim proqramının əsasını qoyub. O vaxtdan etibarən, Ofis polis əməkdaşları üçün Azərbaycanın müxtəlif yerlərində kütlənin idarə edilməsində qeyri-zorakı üsullardan düzgün istifadə üzrə müxtəlif təlimlər keçirib və bu sahədə mütərəqqi təcrübələrin öyrənilməsi üçün bir sıra ATƏT üzvü olan ölkələrə tədris səfərləri təşkil edib. Bu günə qədər Ofis, daxili qoşunların 1200 nümayəndəsi, 750 polis əməkdaşı, eləcə də Çevik Polis Alayının 60-dan çox təmsilçisi üçün peşəkar təlimlər keçirib.