Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsinə həsr olunmuş beynəlxalq konfrans
BAKI, 16 noyabr 2011 – Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılmasına həsr olunmuş ikigünlük beynəlxalq konfrans bu gün öz işinə başlayır. ATƏT-in Bakı Ofisi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisi və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə təşkil etdiyi tədbir Azərbaycan Hökuməti və Vəkillər Kollegiyasının nümayəndələrini, eləcə də milli və beynəlxalq mütəxəssisləri bir araya gətirib.
Tədbirin birinci günündə iştirakçılar səmərəli hüquqi təmsilçilikdə və məhkəmə prosesi zamanı tərəflərə bərabər imkanların yaradılmasında Vəkillər Kollegiyalarının rolu, eləcə də vəkilliyə qəbul və hüquq təhsilinin təşkil olunmasına dair fikir mübadiləsi aparacaqlar.
ATƏT-in Bakı Ofisinin rəhbəri, Səfir Koray Tarqay: “Bu günkü tədbirin əsas məqsədlərindən biri ixtisaslı vəkillərin Vəkillər Kollegiyasına qəbulunu daha da təkmilləşdirməyin yollarını birgə müəyyən etməkdən ibarətdir. Bundan başqa, ehtiyacı olan insanlara hüquqi xidmətləri göstərmək üçün funksional hüquqi yardım sisteminin qurulması da müzakirə olunacaq”.
“ATƏT-in Bakı Ofisi öz növbəsində Vəkillər Kollegiyası ilə birgə müxtəlif təlimlər və təcrübə mübadiləsi proqramları həyata keçirərək, Azərbaycanda vəkillərin fəaliyyətini daim dəstəkləyib”.
Tədbirdə həmçinin ədliyyə nazirinin müavini Toğrul Musayev, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev və Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə iş üzrə Şöbəsinin sektor müdiri Çingiz Əsgərov iştirak edir.
İnsan Hüquqları İnstitutunun Direktoru Aytən Mustafayeva: “Azərbaycan Konstitusiyası hər bir Azərbaycan vətəndaşına hüquqi yardım və müdafiə hüququnu təmin edir. Bu işdə vəkillərin rolu çox əhəmiyyətlidir. Bu gün biz, bura toplaşmaqla, vəkillik fəaliyyəti ilə bağlı hazırkı durumu və mövcud problemlərin aradan qaldırılması üçün optimal yolları müzakirə etmək niyyətindəyik”.
Konfransın ikinci günündə iştirakçılar vəkillik fəaliyyətinin gücləndirilməsinə dair həyata keçiriləcək mümkün tədbirləri müzakirə edəcəklər. Müzakirələr, effektiv hüquqi təmsilçilik, hüququn tədrisi və funksional hüquqi yardım sisteminə dair Azərbaycan qanunvericiliyi və ATƏT ölkələrində mövcud mütərəqqi nümunələr əsasında aparılacaq.