ATƏT-in təşkil etdiyi konfransda kibercinayətə qarşı mübarizə yolları müzakirə olunur
BAKI, 6 oktyabr 2011 – Kibercinayətlə mübarizəyə həsr olunmuş iki günlük konfrans bu gün öz işinə başlayır.
ATƏT-in Bakı Ofisi bu konfransı Azərbaycan Hökuməti, ATƏT Katibliyinin Terrorizm Əleyhinə Fəaliyyət və Strateji Polis Məsələləri şöbələri, eləcə də Avropa Şurasının dəstəyi ilə təşkil edib. Tədbirdə Azərbaycanın müvafiq dövlət qurumları və internet provayderləri, beynəlxalq mütəxəssislər, eləcə də beynəlxalq təşkilatlar və səfirliklərin təmsilçiləri iştirak edir.
ATƏT-in Bakı Ofisinin rəhbəri, Səfir Koray Tarqay: “Bu günkü konfransın məqsədi, kibertəhlükəsizliyə hərtərəfli yanaşmanın bir hissəsi kimi, kibercinayətlə əlaqədar problemlər və onların həlli yolları haqqında məlumatlılığı artırmaqdır.”
“Biz hamımız təhlükəsiz İnterneti əhatə edən məsələlərlə məşğul olmağın artan əhəmiyyətini dərk edirik. Elə buna görə də, qlobal kibertəhlükəsizliyi təmin etmək üçün kibercinayətə qarşı mübarizəyə ictimaiyyət, hökumətlər və sənayelər də cəlb olunmalıdır.”
Təbir zamanı kibercinayətlərin istintaqında beynəlxalq əməkdaşlığın daha effektiv yollarına dair müzakirələr aparılacaq.
İştirakçılar kibercinayətlərin təqibi üçün istifadə olunan qanuni çərçivə, mövcud beynəlxalq konvensiyalar, standartlar, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyə dair mütərəqqi nümunələr və müvafiq insan hüquqları məsələlərinə toxunacaqlar.
Gündəlikdə həmçinin kibercinayətlərin istintaqı və təqibi üçün istifadə olunan ən yeni metodlar və texniki üsullar, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlığın əhəmiyyətinə dair müzakirələr olacaq.