ATƏT-in Baş Katibi Azərbaycana səfər zamanı münaqişənin həlli üçün siyasi iradənin vacibliyini vurğulayır, davamlı əməkdaşlıq vəd edir
BAKI, 9 iyul 2012 – Bu gün Azərbaycanda rəsmi səfərdə olan ATƏT-in Baş Katibi Lamberto Zannier Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həlli üçün siyasi iradənin vacibliyini vurğuladı. O qeyd etdi ki, təmsil etdiyi qurum Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirməsinə nail olmaq üçün bu ölkə ilə birgə işləməyi davam edəcək.
“Bu il ATƏT-lə münasibətlərinin 20 illiyini qeyd edən Azərbaycan, Təşkilatımızın siyasi-hərbi, iqtisadiyyat və ətraf mühit, eləcə də insan hüquqları sahəsində apardığı işlərdə vacib rol oynayır”, Zannier bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirdi.
Zannier Dağlıq Qarabağ münaqişəsinin regionun təhlükəsizliyinə çox böyük təhdid olduğunu və Cənubi Qafqazda iqtisadi inkişafı ləngitdiyini vurğuladı. O, münaqişənin danışıqlar yolu ilə həllinin tapılması və atəşkəs rejiminin gücləndirilməsində ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT Sədrinin Şəxsi Nümayəndəsinin səylərini dəstəklədiyini bildirdi.
“Münaqişə güc tətbiqi yolu ilə həll olunmayacaq,” Zannier bildirdi. “Danışıqlar – irəliyə getməyin yeganə yoludur, tərəflərin siyasi iradəsi və öhdəliyi davamlı sülhə nail olmaq üçün başlıca şərtdir.”
Baş Katib Azərbaycan-Ermənistan sərhəddində və təmas xəttində baş verən son hadisələrlə bağlı ciddi narahatlığını bildirdi. Onun sözlərinə görə, son hadisələr həmin ərazilərdə yaşayan insanlar üçün uzun müddət gözlənilən sabitlik və sülh yaratmaq səylərini pozur.
Zannier vurğuladı ki, bütün tərəflər güc tətbiqi və ya təhdiddən çəkinməli, qarşıdurmaya yol verməməli, təmas xəttindən snayperləri uzaqlaşdırmalı və cəbhə xəttində baş verən insidentlərin araşdırılması mexanizmləri daxil olmaqla, qarşılıqlı etimadın artırılması istiqamətində razılaşdırılmış tədbirləri icra etməlidir.
O, xalqlar arasında əlaqələrin, eləcə də hər iki ölkənin ziyalıları, alimləri və ictimaiyyət nümayəndələri arasında dialoqun inkişaf etdirilməsinə dair Azərbaycan və Ermənistan Prezidentləri arasında əldə olunmuş razılaşmanın yerinə yetirilməsinə ATƏT-in kömək etməyə hazır olduğunu bildirdi.
Səfər çərçivəsində Baş Katib həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. Günün ikinci yarısında isə Milli Məclisin sədr müavini Ziyafət Əsgərovla görüşəcək.
Görüşlər zamanı, Zannier ölkənin ATƏT qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsində ATƏT təsisatları və Bakı Ofisi vasitəsilə Təşkilatın Azərbaycana davamlı dəstək göstərməyə hazır olduğunu bildirdi.
ATƏT-in Bakı Ofisi 2000-ci ildən fəaliyyət göstərir; Ofisin fəaliyyətlərinə polis təlimləri, hərbi heyətin hüquqlarının dəstəklənməsi, kiçik və orta sahibkarlığa pulsuz hüquqi yardım, ətraf mühit sahəsində vətəndaş cəmiyyəti layihələrinə qrantların verilməsi, məhkəmə monitorinqi və hüquqi təlimlər daxildir.
Cənubi Qafqaza ilk rəsmi səfərini Azərbaycanla başlayan Zannier, 10 və 11 iyul tarixlərində Tbilisi və Batumidə, 11 və 12 iyul tarixlərində isə Yerevanda görüşlər keçirəcək.