ATƏT Sədri zorakılıq dalğasına son qoymağa çağırdı
BAKI, 14 iyun 2012 – ATƏT-in Fəaliyyətdə olan Sədri, İrlandiya Baş nazirinin müavini və Xarici İşlər naziri, İmon Gilmor Azərbaycana bugünkü səfəri zamanı son zamanlar Ermənistanla qeydə alınmış silahlı toqquşmalara toxunaraq təmkinli olmağa və zorakılığa son qoymağa çağırıb.
Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovla görüşündən sonra ATƏT sədri bəyan etdi ki, “zorakılıq dalğasına son qoyulmalıdır – bu münaqişə güc yolu ilə həll oluna bilməz.” O, son zamanlarda baş verən silahlı insidentləri pisləyərək münaqişənin həllinə dair ümumi prinsiplər üzərində işi davam etdirməyə, təmas xəttində snayperlərin kənarlaşdırılması və cəbhə xətlərində baş verən insidentlərin araşdırılması mexanizmlərinə dair anlaşma da daxil olmaqla qarşılıqlı etimad tədbirlərini həyata keçirməyə, eləcə də xalqlar arasında ünsiyyətin qurulmasına dair Prezidentlərin bu yaxınlarda əldə etdiyi razılaşmanın yerinə yetirməsi istiqamətində iş görməyə çağırdı.
Sədr Gilmor bildirdi ki, “ATƏT Sədrliyi tərəflər arasında atəşkəsin möhkəmləndirilməsi və razılaşdırılmış həll yolunun tapılması istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyir”.
O, iki ölkə və onların xalqları arasında mövcud olan ziddiyyətli məqamları aradan qaldırmaq üçün tərəflərə ATƏT-in dəstək verəcəyini vurğuladı.
“Biz regionun davamlı sülhə doğru irəliləməsinə yardım etmək istəyirik. Biz, İrlandiyada, Şimali İrlandiya Sülh Prosesi boyu gördük ki, təəssübkeşlik, dözümlük, hörmət və inkluzivlik – fərqlilikləri uzlaşdırmaq bacarığı – sülh danışıqlarında başlıca rol oynayır. Biz həll yolunu diktə edə bilmərik, amma dialoq üçün forumu təmin edə bilərik”.
ATƏT Sədri öz görüşləri zamanı Azərbaycanda mətbuat azadlığı və jurnalistlərin həbs edilməsi ilə bağlı narahatlığını bildirib. O, hökumət strukturlarını təhlükəsizlik və sabitliyin insan, siyasi, iqtisadi və ətraf mühit aspektlərində dəstəkləyən ATƏT-in Bakı Ofisi ilə əməkdaşlıq məsələlərini də müzakirə edib.
Səfər zamanı ATƏT Sədri Baş nazir Artur Rasizadə, Milli Məclis Sədrinin müavini Bahar Muradova, siyasi partiya təmsilçiləri və Dağlıq Qarabağın azərbaycanlı icması, eləcə də ATƏT-in Bakı Ofisinin əməkdaşları ilə görüşüb.
11-12 iyun tarixlərində Yerevana, 12-13 iyun tarixlərində isə Tiflisə səfər edən ATƏT-in Fəaliyyətdə olan Sədri, Bakı səfəri ilə Cənubi Qafqaz ölkələrinə səfərini tamamladı.