ATƏT hakimliyə namizədlər üçün çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə üzrə təlim təşkil edir
BAKI, 1 oktyabr 2012 – ATƏT-in Bakı Ofisinin Məhkəmə Hüquq Şurası ilə birlikdə çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə haqqında potensial hakimlər üçün təşkil etdiyi təlim kursu bu gün öz işinə başlayıb.
Təlimin məqsədi çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə üzrə əsaslı presedent hüququ olan digər ATƏT-ə üzv ölkələrdən ən yaxşı təcrübələr və bu sahədəki beynəlxalq hüquq normaları ilə yerli hakimləri tanış etməkdir.
“Maliyyə stabilliyi və iqtisadi rifah ATƏT-in geniş anlamda təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsidir”, ATƏT-in Bakı Ofisində İqtisadiyyat və Ətraf Mühit şöbəsinin rəhbəri, Emmanuel Huntzinger bildirdi. “Bu təlimi həyata keçirməklə biz çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartların icrası və maliyyə nəzarət mexanizmlərinin gücləndirilməsində hökumətin səylərini dəstəkləməyə çalışırıq.”
2009-cu ildən etibarən Azərbaycan çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə ilə bağlı qanunvericilik qəbul etməklə, mövcud hüquqi sənədlərə dəyişikliklər etməklə və Mərkəzi Bankda maliyyə kəşfiyyat bölməsi olan Maliyyə Monitorinqi Xidmətini (MMX) qurmaqla bu sahədə xeyli irəliləyib. 2011-ci ilin iyul ayında MMX çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə üçün əməkdaşlığı inkişaf etdirmək və bu sahədə yerli proqramların icrasına dəstək olmaq məqsədilə yaradılmış, maliyyə kəşfiyyat bölmələri arasında qlobal forum sayılan “Eqmont Qrup”-un üzvlüyünə qəbul olunub.
ATƏT-in Bakı Ofisi Azərbaycan hökumətinin çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə sahəsindəki səylərini dəstəkləməyə davam edir və MMX ilə yaxından əməkdaşlıq edir. Ofis çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə sahəsində aparılan dövlət siyasətinə və şübhəli köçürmələrə dövlət nəzarətinə dəstək göstərməklə yanaşı, bu sahədə çalışan bütün əlaqədar qurumların bacarıq və səriştələrinin artırılmasına çalışır.