ATƏT-in Bakı Ofisi Azərbaycanda insan hüquqlarının müdafiəsi üçün alternativ hesabatların hazırlanmasını dəstəkləyir
BAKI, 14 sentyabr 2012 – ATƏT-in dəstəyi ilə bu gün başlayan üçgünlük praktiki təlim zamanı 25 vətəndaş cəmiyyəti fəalı hüquqların qorunması və beynəlxalq insan hüquqları təsisatları ilə əməkdaşlıq məqsədilə alternativ hesabatlardan istifadə haqqında öyrənəcək. Bu tədbir ATƏT-lə yanaşı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsi və ABŞ Beynəlxalq Yardım Agentliyinin “Counterpart International” tərəfindən icra olunan “Qadınların İştirak Proqramı” çərçivəsində maliyyələşdirilib.
“Vətəndaş cəmiyyəti tərəfindən alternativ hesabatlar BMT və Avropa Şurasına təqdim olunan hökumət hesabatlarını tamamlamaqda vacib rol oynayır və bu yolla müvafiq qurumlar insan hüquqları sahəsində mexanizm kimi çıxış edərək, beynəlxalq müqavilələrə qoşulan hökumətlərin öz öhdəliklərini nə dərəcədə yerinə yetirdiyini mütəmadi olaraq qiymətləndirir,” ATƏT-in Bakı Ofisinin rəhbərinin müavini, Melissa Stoun açılış zamanı bildirdi.
ABŞ Beynəlxalq Yardım Agentliyinin Azərbaycan üzrə missiya direktoru, Maykl Qrin Azərbaycanda xüsusilə gender bərabərliyinin təmin olunmasında beynəlxalq insan hüquqları mexanizmlərinin vacibliyini vurğuladı. Çıxış zamanı o, “bütün dünyada qadınların cəmiyyətdəki mövqeyinin gücləndirilməsinin insan hüquqlarının reallaşması və davamlı inkişafa nail olmaqda başlıca amil kimi qəbul olunduğunu” qeyd etdi.
Təlim proqramının məqsədi vətəndaş cəmiyyəti nümayəndələrinin beynəlxalq insan hüquqları mexanizmlərinin praktikada necə işlədiyi haqqında biliklərini artırmaq, eləcə də yüksək keyfiyyətli hesabatların hazırlanması üçün yazı və məruzə etmə bacarıqlarını inkişaf etdirməkdir. Beynəlxalq və yerli ekspertlər Universal Dövri İcmalı da daxil olmaqla müxtəlif müqavilə qurumları mexanizmləri haqqında təqdimatlar keçirəcəklər. BMT tərəfindən əsası qoyulmuş Universal Dövri İcmal hər beş ildən bir bütün üzv dövlətlərin insan hüquqları sahəsindəki nailiyyətlərini qiymətləndirən universal və ayrılmaz hüquqlara əsaslanan hüququ çərçivədən ibarət prosesdir. Azərbaycanın ikinci icmalı 2013-cü ilin aprelinə planlaşdırılır.
Bu praktiki təlim beynəlxalq mexanizmlər vasitəsilə vətəndaş cəmiyyəti vəkilliyinin gücləndirilməsi üzrə ATƏT layihəsi çərçivəsində Ofisin proqram fəaliyyətlərinin vacib ünsürüdür. 2012-ci il ərzində ATƏT-in Bakı Ofisi Azərbaycanda insan hüquqlarının ictimai maraq doğuran bir məsələ kimi qabardılması üçün vətəndaş cəmiyyətinə yardım göstərməkdədir.