ATƏT-in Bakı Ofisi insan alveri və sığınacaq axtaranlara həsr olunmuş təlimlər keçirir
BAKI, 21 iyun 2012 – Sərhədçilər, eləcə də Dövlət Miqrasiya Xidməti və Bakı Beynəlxalq Hava Limanının təhlükəsizlik xidmətinin rəsmiləri üçün insan alveri və sığınacaq axtaranlara həsr olunmuş iki günlük təlim kursu bu gün öz işinə başlayır. ATƏT-in Bakı Ofisi bu tədbiri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyaları ilə əməkdaşlıq çərçivəsində təşkil edir. Təlim zamanı sığınacaq axtaranlar arasında insan alveri və məcburi əmək qurbanlarının müəyyən olunması məsələlərinə xüsusi diqqət ayrılacaq.
“Sığınacaq axtaranlar və miqrantlar arasında potensial qurbanların mütəşəkkil cinayətkarların alış-veriş obyektinə çevrilməsindən qorumaq üçün, dövlətlər öz öhdəlik və resurslarını gücləndirməlidir”, bunu ATƏT-in Bakı Ofisi rəhbərinin müavini Melissa Stoun açılış nitqində bildirdi.
“Mütəşəkkil cinayətkarlığın istənilən forması kimi, insan alveri və məcburi əmək ölkənin nüfuzuna mənfi təsir göstərməklə yanaşı onun sosial, siyasi və iqtisadi təhlükəsizliyini də zədələyir. Bununla yanaşı, insan alveri və məcburi əmək insan hüquqları və fundamental azadlıqların ciddi şəkildə pozulmasıdır”.
Təlim zamanı həmçinin geri göndərməmə prinsipi kimi sığınacaq almaq hüququ, eləcə də əmək miqrantları, tənzimlənməyən miqrantlar və sənədsiz şəxslərlə bağlı məsələlərə dair məlumat veriləcək. Yerli və beynəlxalq ekspertlər qaçqın statusunun müəyyən olunması və sığınacağın verilməsi prosedurları, dövlət sistemləri, eləcə də insan alveri və məcburi əmək qurbanlarının qorunmasında vətəndaş cəmiyyəti təşkilatlarının rolu, və nəhayət qurbanların müəyyənləşdirilməsinin indikatorları haqqında təqdimatlar verəcəklər.