ATƏT və Ombudsman Aparatı işgəncəyə qarşı preventiv mexanizm mövzusunda təlim təşkil edir
BAKI, 26 aprel 2012 – ATƏT-in Bakı Ofisi və Azərbaycan Ombudsman Aparatının təşkil etdiyi saxlama yerlərinin monitorinqi və milli preventiv mexanizm (MPM) çərçivəsində işgəncə halları üzrə hesabatların hazırlanması mövzusunda metodoloji təlim bu gün öz işinə başlayır.
40 nəfərdən artıq iştirakçını bir araya gətirən iki günlük tədbirin məqsədi digər ölkələrdəki ən yaxşı təcrübələri nəzərə almaqla, Azərbaycanda milli preventiv mexanizmin icrasına cəlb olunmuş əməkdaşların monitorinq və hesabatların hazırlanması üzrə bacarıqlarını inkişaf etdirməkdir.
“Biz inanırıq ki, Azərbaycanın milli preventiv mexanizmi ölkədə işgəncə hallarının və pis rəftarın digər formalarının qarşısının alınmasında vacib rol oynayır”. Bu sözləri ATƏT-in Bakı Ofisinin rəhbəri, Səfir Koray Targay, açılış nitqində söylədi. “Buna görə də mən ümid edirəm ki, bu təlim azadlıqdan məhrum olmuş insanların hüquqlarının lazımi müdafiəsini təmin etmək üçün göstərilən səyləri daha da gücləndirəcək”.
Yerli və beynəlxalq ekspertlər Azərbaycan MPM-nin nümayəndələri ilə birlikdə işgəncənin qarşısının alınmasının nəzəri və praktiki tərəflərini, pis rəftarın qarşısının alınması və qadağasına dair beynəlxalq və regional standartları, monitorinqin növlərini, MPM-in üzə çıxardığı hallara dair hesabatın verilməsini , eləcə də saxlanılan şəxslərlə müsahibə texnikalarını müzakirə edəcək.
Ombudsman Aparatı Azərbaycanda MPM-in funksiyalarını icra edir. ATƏT-in Bakı Ofisi Ombudsman Aparatını yeni səlahiyyətlərinin icrasında fəal şəkildə dəstəkləyir. 2009 və 2010-cu illərdə Ofis Azərbaycan MPM-in inkişafı üçün beynəlxalq təlimlər təşkil edib və yeni MPM səlahiyyətlərini Ombudsman haqqında Konstitusiya Qanuna daxil etmək məqsədilə parlamentlə milli qanunvericiliyin uyğunlaşdırılması sahəsində əməkdaşlıq edib. Bundan əlavə, Ofis Ombudsmanın MPM üzrə illik hesabatlarının ingilis dilinə tərcüməsini dəstəkləyib.