ATƏT-in Ofisi sahibkarlar üçün hüquq məsləhət mərkəzini dəstəkləyir
MINGƏÇEVIR, Azərbaycan, 17 aprel 2012 – Bu gün, Mingəçevirdə ATƏT-in dəstəklədiyi kiçik və orta sahibkarlar (KOS) üçün Hüquq Məsləhət Mərkəzinin (HMM) açılış mərasimi baş tutacaq. Bu mərkəz regionda davamlı iqtisadiyyatın inkişafı və KOS üçün sağlam biznes mühitinin gücləndirilməsinə xidmət edəcək.
ATƏT-in Bakı Ofisinin rəhbəri, Səfir Koray Targay: “İqtisadiyyatın şaxələdirilməsi və regionlarda qeyri-neft sektorunun gəlirlərinin artırılması baxımından Azərbaycanda KOS-un inkişafı çox vacib məsələlərdən biridir. Beynəlxalq təcrübə də göstərir ki, KOS-lar adətən innovasiya və rəqabətə gətirib çıxaran dinamik gücdür və bu yolla da iqtisadi şaxələndirməni sürətləndirir”.
O, həmçinin əlavə etdi ki, hüquq məsləhət mərkəzi qadınların da iqtisadiyyata cəlb olunmasını təşviq edəcək. “Qadınların iqtisadiyyatın inkişafında iştirakı, sənaye və xidmət sahələrində ölkənin iqtisadi gəlirlərini xeyli artırır.”
Bu, ATƏT-in Azərbaycan ərazisində dəstəklədiyi ikinci HMM-dir. Digər mərkəz Bakıda fəaliyyət göstərir.
Açılış mərasimindən sonra “KOS-un iqtisadi inkişafda rolu” mövzusunda dəyirmi masa keçiriləcək. Dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyətini təmsil edən 25 nəfərdən artıq iştirakçı biznesin inkişafına şərait yaradan mühitin formalaşdırılması və KOS-un dəstəklənməsi yollarını müzakirə edəcək.
ATƏT-in Bakı Ofisinin bu layihədə tərəfdaşı olan Təhsil və İnsan Hüquqları İctimai Birliyinin sədri, İradə Cavadovanın sözlərinə görə, “KOS iqtisadi inkişafın mühərrikidir və işsizliyin aradan qaldırılmasına xidmət edir. Buna görə də, biz belə təşəbbüsləri dəstəkləməli və Azərbaycanda KOS-un inkişafı üçün lazımi şərait yaratmalıyıq”.
Dəyirmi masa iştirakçıları həmçinin vergilər, qeydiyyat və lisenziyalaşdırma daxil olmaqla sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsini müzakirə edəcəklər.