ATƏT-in Ofisi silahlı qüvvələr heyətinin insan hüquqları və əsas azadlıqlarına dair təlimat kitabının təqdimatını keçirir
BAKI, 13 dekabr 2011 – ATƏT-in Bakı Ofisi bu gün Silahlı Qüvvələr Heyətinin İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Təlimat kitabının Azərbaycan dilindəki versiyasının rəsmi təqdimatını keçirir.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən təqdimat mərasimi mövzu ətrafında geniş müzakirələrin aparılması ilə davam edəcək. Müzakirələrdə, Müdafiə Nazirliyi də daxil olmaqla, müxtəlif dövlət qurumları və Ombudsman aparatının nümayəndələri, habelə beynəlxalq mütəxəssislər və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edəcək.
Bu təlimat kitabını ilk dəfə Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 2008-ci ildə nəşr edib. Kitab, silahlı qüvvələr heyətinin insan hüquqları və əsas azadlıqlarının müdafiəsi və gücləndirilməsinə dair ATƏT-ə üzv olan ölkələrdə mövcud olan qanunvericilik, siyasət və mexanizmlərin xülasəsini verir.
ATƏT-in Bakı Ofisinin rəhbər əvəzi, Melissa Stoun: “İnsan hüquqları və əsas azadlıqlar hər kəsə aiddir. Silahlı qüvvələr heyəti, istər peşəkar istərsə də çağırışçı, bütün insanların malik olduğu hüquq və müdafiələrə malikdir. Eyni zamanda anlayırıq ki, hərbi həyatın tələbləri və təhlükəsizlik məsələlərinə görə, bu hüquqlara bəzi məhdudiyyətlər qoyula bilər”. O, həmçinin əlavə etdi ki, bu nəşrin məqsədi silahlı qüvvələr heyətində maarifləndirməni təşviq etmək və onların hüquqlarının müdafiəsində hökumətin səylərini dəstəkləməkdir.
ATƏT-in Bakı Ofisi təlimat kitabçasının pulsuz yayımını təmin edir. Nəşrin elektron versiyasını isə üç dildə (Azərbaycan, Rus və İngilis) ATƏT-in Bakı Ofisinin rəsmi saytında, //www.osce.org/az/baku/86120 ünvanından əldə etmək mümkündür.