Dənizdə neft dağılmalarına görə məsuliyyət və kompensasiya üzrə beynəlxalq rejimlərə həsr edilmiş seminar
BAKI, 3 noyabr 2011 – ATƏT-in Bakı Ofisi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Neftlə Çirklənməyə dair Beynəlxalq Kompensasiya Fondu dənizdə neft dağılmaları insidentlərinə görə məsuliyyət və kompensasiya məsələləri üzrə beynəlxalq rejimlərə həsr olunmuş ikigünlük tədbir təşkil edir.
Tədbirdə iştirak edən rəsmi şəxslər və çoxsaylı yerli və beynəlxalq mütəxəssislər neft dağılmaları və neft sənayesi ilə əlaqədar milli səviyyədə fövqəladə hallara hazırlıq planını müzakirə edəcəklər. Onlar həmçinin kompensasiya və məsuliyyət mexanizmlərinə dair ən mütərəqqi təcrübələri nəzərdən keçirəcəklər. Qara dəniz və Baltik dəniz regionlarının təcrübəsi nümunə olaraq istifadə olunacaq.
Yerli və beynəlxalq ekspertlərin fikrincə, bu məsələ Azərbaycan üçün böyük önəm kəsb edir. Çünki, yeni neft yataqlarının kəşfinə görə qarşıdan gələn illər ərzində Xəzər hövzəsi boyunca neft nəqliyyatının həcminin artması gözlənilir.
ATƏT-in Bakı Ofisinin rəhbəri, Səfir Koray Tarqay: “Dünyanın müxtəlif yerlərində neft dağılmaları nəticəsində baş verən təbii fəlakətlər bir daha onların törədə biləcəyi ekoloji və iqtisadi fəsadları bizə xatırlatdı. Bu, bioloji çeşidə və yaşayış şəraitinə vurulan ziyanda, habelə məsuliyyət və kompensasiya iddialarında öz əksini tapır. Belə hadisələr həmçinin neft dağılmaları ilə bağlı fövqəladə hallarda daha faydalı və əlaqələndirilmiş tədbirlərə ehtiyacın olduğunu göstərir.”
Səfir Tarqay həmçinin qeyd etdi ki, ATƏT-in Bakı Ofisi Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq edir və neft dağılmalarına qarşı hazırlığın təmin olunmasında davamlı dəstək və mütəxəssis rəyi verməyə hazırdır.
Fövqəladə Hallar Nazirinin birinci müavini, Cənab Rəfail Mirzəyev: “Xəzər dənizində neft və qaz istehsalının intensivləşdirilməsi, müvafiq infrastrukturun qurulması və neft məhsulların daşınması dənizin neft və kimyəvi maddələrlə çirklənməsi riskini artırıb. Belə olan halda, Xəzəryanı ölkələrin regionda neft və qaz sahəsində çalışan xarici şirkətlərlə əməkdaşlığına böyük ehtiyac var.”
Azərbaycan neftlə çirklənmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında Beynəlxalq Konvensiyaya qoşulub. Bundan başqa, Azərbaycan və digər Xəzəryanı ölkələr Xəzər Dənizində Neftlə Çirklənmə hallarına qarşı Regional Əməkdaşlığa dair Protokol imzalayıb. Bu Protokol Xəzər Dənizi Ekologiyasının Mühafizəsinə dair Beynəlxalq Konvensiyaya daxil edilib.
2008-ci ildə, ATƏT-in Nazirlər Şurasının Helsinkidə keçirilən iclasında neft dağılmalarına qarşı efektiv tədbirlərin görülməsinin zərurəti vurğulanıb. Nazirlər Şurası ATƏT-in üzv dövlətlərini, müvafiq beynəlxalq sənədlərə qoşulmaqla, dialoq və əməkdaşlığı daha da gücləndirməyə çağırıb.