ATƏT Azərbaycan jurnalistləri üçün internet mediasında jurnalist tədqiqatları ilə bağlı təlimlər keçirir
BAKI, 13 sentyabr 2011-ci il – ATƏT-in Bakı Ofisinin internet mediasında jurnalist təhqiqatları ilə əlaqədar 17 peşəkar təhqiqatçı-jurnalist üçün təşkil etdiyi beşgünlük təlim kursları başlayır.
ATƏT-in Bakı Ofisinin Siyasi-Hərbi şöbəsinin rəhbəri Con Makqreqor açılış nitqində deyib: “İnternet mediasında peşəkar jurnalist təhqiqatları açıq cəmiyyətdə önəmli və zəruridir. Bu, məsuliyyətli biznesin və yaxşı idarəçiliyin təşviqi, diqqətdən yayınmış məsələlər haqqında məlumatlılıq səviyyəsinin artırılması və cəmiyyət üçün vacib olan məsələlərə dair ictimai müzakirələrin başlanmasında mühüm rol oynayır”.
Beynəlxalq və yerli təlimçilər həm ənənəvi, həm də yeni medianı təmsil edən jurnalistlər və redaktorlarla internet mediasında jurnalist təhqiqatlarının bütün aspektlərini müzakirə edəcək. Kurs iştirakçıları kommunikasiya, məlumatların hazırlanması, yayılması və qarşılıqlı təsirlər, eləcə də internetdə həqiqətin axtarılması, rəsmi dövlət saytlarına sorğuların göndərilməsi, məlumat bazalarından istifadə və effektiv internet media tədqiqatlarının digər elementlərindən istifadə kimi yeni media alətləri və elektron jurnalistika fəaliyyətlərindən istifadə etməyi öyrənəcək. Yeni media mühitində obyektivlik, qərəzsizlik və dəqiqlik prinsiplərinin qorunub saxlanılması və əməl olunması təlim kursunun vacib hissəsi olacaq.