Türkiyəli diplomat ATƏT-in Bakı Ofisinin yeni rəhbəri təyin olunub
BAKI, 15 avqust 2011 – Türkiyəni təmsil edən Səfir Koray Tarqay bu gündən ATƏT-in Bakı Ofisinin yeni rəhbəri kimi fəaliyyətə başlayır.
Koray Tarqay: “ATƏT-in Bakı Ofisi Azərbaycan Hökuməti, siyasi partiyalar və vətəndaş cəmiyyəti təmsilçiləri ilə səmərəli əməkdaşlıq qurub. Bu, ölkənin ATƏT qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından çox əhəmiyyətlidir. Mən də, öz növbəmdə, Azərbaycan Hökuməti və vətəndaş cəmiyyəti üzvlərinin ATƏT-in üç ölçüsündə göstərdiyi bütün səyləri dəstəkləmək əzmindəyəm.”
ATƏT-in Bakı Ofisinin rəhbəri vəzifəsinə təyin olunmazdan əvvəl, Tarqay Türkiyənin Çexiyadakı Səfiri vəzifəsində çalışıb. O, diplomatik karyerası ərzində İsveçrə, Suriya, Kanada, Almaniya və Yunanıstanda çalışıb. Koray Tarqay həmçinin Türkiyənin Malayziyadakı Səfiri olub.
Koray Tarqay ATƏT-in Bakı Ofisinin rəhbəri vəzifəsində səlahiyyət müddəti 2011-ci ilin iyulunda başa çatmış türkiyəli diplomat Bilge Cankoreli əvəz edib.