ATƏT-in Bakı Ofisinin rəhbəri korrupsiya əleyhinə mübarizə mövzusunda keçirilən forumda çıxış edib
BAKI, 15 aprel 2011-ci il – ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Bilge Cankorel Korrupsiya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Hüquqşünasları Konfederasiyası və Korrupsiyaya qarşı mübarizə aparan QHT-lərin Əməkdaşlıq və Məlumat Şəbəkəsinin təşkil etdiyi forumda çıxış edib.
Səfir Cankorel son zamanlar Azərbaycanın dövlət qurumlarının korrupsiyaya qarşı mübarizə sahəsində gördüyü işləri yüksək qiymətləndirərək, bu işdə şəffaf idarəçilik, bərabər imkanlar, iqtisadiyyatda rəqabət qabiliyyəti və kollektiv iştirak, eləcə də qanunun aliliyi prinsiplərinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Səfir Cankorel deyib: “Korrupsiya bütün dünyada çiçəklənmə və dayanıqlı inkişafa qarşı əsas əngəllərdən biridir. Bu, dözülməz bir haldır və ona qarşı cəmiyyətin bütün təbəqələrində mübarizə aparmaq lazımdır. Korrupsiya iqtisadiyyatı sarsıdır, demokratik quruluculuğu zəiflədir, sərmayə qoyuluşunu dayandırır və xalqların təhlükəsizliyinə təhlükə törədir”
Səfir Bilge Cankorel ATƏT-in Bakı Ofisinin Azərbaycanda hökumət və vətəndaş cəmiyyəti nümayəndələri üçün mütərəqqi idarəçiliyin təşviqi və mülkiyyət hüquqlarının müdafiəsi sahəsində bir neçə layihənin, eləcə də bilik və bacarığın artırılması sahəsində işlərin gördüyünü diqqətə çatdırıb.
Səfir Cankorel çıxışının sonunda deyib: “Rəhbərlik etdiyim Ofis Şəffaflığın Artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanı və tədbirlər planının icrasını dəstəkləmək məqsədilə texniki yardımları davam etdirməyə və mütərəqqi beynəlxalq təcrübələri bölüşməyə hazırdır.”