ATƏT Ofisi biznes fəaliyyətində qanunvericilik bazasını müzakirə etmək üçün sahibkarları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirir
GƏNCƏ, Azərbaycan, 13 aprel 2011-ci il – Bu gün ATƏT-in Bakı Ofisi, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi ilə birgə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin korporativ sektoru üçün qanunvericilik bazası haqqında məlumat sessiyası keçirir.
Tədbirin məqsədi problemlər və onların mümkün həlli haqqında məlumatlıq səviyyəsinin artırmaq, sahibkarların biznes fəaliyyətlərinin daha səmərəli idarə edilməsinə köməklik göstərmək, həmçinin bu sahədə aparılan islahatların prioritetlərini müəyyənləşdirməkdir. İştirakçılar vergi, əmək və gömrük qanunvericilikləri, inzibati-iqtisadi məhkəmə qaydalarını və qanunsuz səyyar vergi yoxlamaları kimi kiçik və orta ölçülü sahibkarların üzləşdiyi mövcud problemləri müzakirə edəcək.
Tədbiri giriş sözü ilə açan ATƏT-in Bakı Ofisinin İqtisadiyyat və Ətraf Mühit şöbəsinin rəhbəri Yan Olsson deyib: “Biznes fəaliyyətlərini inkişaf etdirmək və qeyri-neft sektorunda iş yerlərinin açılmasına töhfə vermək üçün sahibkarların vergilər, əmək və gömrük haqqında şəffaf və təxmin edilə bilən qaydalara ehtiyacı var. Bu forumu dəstəkləməklə biz biznes və investisiya mühitindəki maneələrin sayının azalmağına, eləcə də kiçik və orta ölçülü sahibkarların ədliyyə imkanlarının artırılması yolları haqqında sahibkarlar və icra qurumları arasında dialoqun daha da inkişafına ümid edirik.”
Tədbirdə müvafiq dövlət qurumlarının, o cümlədən Vergilər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti və Sanitar-epidemioloji İnstitutun nümayəndələri, həmçinin sahibkarlar iştirak edir.
ATƏT-in Bakı Ofisi Bakı və Şəki şəhərlərindəki Hüquq-Məsləhət Mərkəzlərinin fəaliyyətini dəstəkləyir. Bu mərkəzlərin ofislərində yenicə istifadəyə verilmiş qaynar xətt xidməti və fərdi məsləhətçilər vasitəsilə sahibkarlara pulsuz hüquqi məsləhətlər verilir.
Sahibkarların müvafiq qanunvericilik və normativ aktlar haqqında biliyini artırmaq və onların qarşılaşdığı çətinliklər haqqında icra qurumlarının məlumatlılıq səviyyəsini artırmaq məqsədilə ATƏT Ofisi Azərbaycanın digər bölgələrində də seminarlar keçirməyi planlaşdırır. Bundan başqa, Ofis mütərəqqi iqtisadi idarəetmənin təşviqi məqsədilə ictimai təbliğat fəaliyyətləri və məlumat sessiyaları təşkil edəcək.