ATƏT və Mətbuat Şurası məişət zorakılığına dair jurnalist işlərinin müsabiqəsini elan edir
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi və Azərbaycan Mətbuat Şurası məişət zorakılığı probleminə həsr olunmuş jurnalist işləri üçün iki müsabiqə elan edir.
Birinci müsabiqə qəzet və internet KİV-lərdə dərc olunan məqalələr, ikinci müsabiqə isə televiziya reportajları üçündür. ATƏT, Mətbuat Şurası və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət qiymətləndirmə komissiyası cari ilin mayın 1-dən noyabrın 30-dək hazırlanmış ən yaxşı işləri mükafatlandıracaq.
Məqalə və reportajlar 2015-ci il noyabrın 30-dək təqdim oluna bilər. Nəticələr isə dekabr ayında elan olunacaq.
Müsabiqədə yalnız mətbuat nümayəndələri iştirak edə bilər. Qalib seçilən müəlliflərə sertifikat və pul mükafatı təqdim olunacaq: birinci yer-1500 AZN, ikinci yer-1200 AZN və üçüncü yer - 1000 AZN. Hər iki müsabiqədə gənc jurnalistlərin hazırladığı işə görə 1000 AZN məbləğində bir xüsusi mükafat nəzərədə tutulub. Bu müsabiqələr ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin məişət zorakılığının qarşısının alınması üzrə qanunvericiliyin icrasına dəstək layihəsinin bir hissəsidir.
Müsabiqə ilə bağlı suallarınızı ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin Milli Layihə Rəhbəri Jalə Əzizovaya (zazizova@osce.org) və Mətbuat Şurasının əməkdaşı Əvəz Rüstəmova (evez.rustemov@gmail.com) ünvanlaya bilərsiniz.