ATƏT-in Bakı layihə əlaqələndiricisi məişət zorakılığı ilə bağlı ən yaxşı məqalələrin müəlliflərini mükafatlandırıb
Bakı, 29 dekabr 2014-cü il – ATƏT-in Bakı layihə əlaqələndiricisi Azərbaycanda məişət zorakılığı məsələsinin maariflənməsinə yönəlmiş müsabiqənin nəticələrini elan edib. Mükafatlar 2014-cü ildə yazılmış ən yaxşı məqalələrin müəlliflərinə təqdim olunub.
ATƏT-in Bakı layihə əlaqələndiricisi və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət qiymətləndirmə komissiyası Azərbaycanın müxtəlif çap və onlayn mediasında yayımlanmış 20-yə yaxın məqaləni nəzərdən keçirərək, üç qalibi müəyyənləşdirib:
- Birinci yerə Aznews.az portalının əməkdaşı Ceyhun Musaoğlu layiq görülüb. Məişət zorakılığına dair maariflənmə işlərində, eləcə də qurbanların qorunmasında medianın rolunu araşdıran Musaoğlu, məişət zorakılığı hallarının azalmasında gender bərabərliyinin təmin olunmasını vacib amil kimi qiymətləndirib.
- İkinci yerin sahibi, Var.az portalının əməkdaşı Aynur Elgünəş, məişət zorakılığının qarşısının alınması haqqında qanunun icrasında mövcud olan problemləri araşdırıb. O, məişət zorakılığı qurbanları üçün sığınacaqların idarə olunmasında hökumət orqanları ilə vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın vacibliyini qeyd edib.
- Üçüncü yerin qalibi isə İnterfaks-Azərbaycan agentliyinin əməkdaşı Fuad Hüseynzadədir. O, məişət zorakılığını doğuran əsas səbəbləri tədqiq etmiş və bu problemin sosial-iqtisadi və psixoloji aspektlərininin təhlilini aparıb.
Müsabiqədə birinci yer tutmuş məqalənin müəllifi – 1500 AZN, ikinci yer – 1200 AZN, üçüncü yerin sahibi isə 1000 AZN pul mükafatı alıb. Qalib jurnalistlərə sertifikatı ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, səfir Aleksis Şahtaxtinski təqdim edəcək.
Bu müsabiqə, məişət zorakılığının qarşısının alınmasına dair qanunun icrasının dəstəklənməsinə yönəlmiş layihə çərçivəsində təşkil olunub.