ATƏT və Azərbaycan dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfrans təşkil edir
BAKI, 17 noyabr 2014 – 17-18 noyabr tarixlərində Bakıda ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, Azərbaycan hokuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycanın Milli Komissiyasının birgə təşkil etdiyi dini tolrantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfrans keçiriləcək. Dini tolerantlığın Azərbaycan modeli, eləcə də ATƏT regionu və onun hüdudlarından kənarda mövcud olan çağırışlar əsas müzakirə mövzuları olacaq. BMT-nin Beynəlxalq Tolerantlıq Günündən (16 Noyabr) sonra baş tutan ikigünlük tədbir 11 ölkəni təmsil edən 100-dən çox iştirakçını bir araya gətirəcək.
Müxtəlif hökumət orqanları, Azərbaycan Parlamenti (Milli Məclis), beynəlxalq təşkilatlar, dini icmalar, vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri, eləcə də beynəlxalq mütəxəssilər və elm adamları demokratik cəmiyyətdə dinlərarası dialoqun rolunu və qloballaşan dünyada dini radikallaşma meyllərinin qarşısının alınması yollarını da müzakirə edəcəklər.
ATƏT-in Bakı Layihə Əlaqələndirici, Səfir Aleksis Şahtaxtinski: “ATƏT-in tolerantlıq və qeyri-ayrıseçkiliyə dair, eləcə də antisemitizm, islamofobiya, xristianlar və digər qruplara qarşı ayrıseçkilik məsələləri ilə bağlı bir sıra öhdəliyi var. Təşkilatımız demokratik cəmiyyətin qurulmasında dialoqun təşviqini dəstəkləyir, eləcə də ATƏT regionunda nifrət zəminində cinayətlərə və çıxışlara qarşı qəti mövqe tutur.”
“Azərbaycana gəldikdə, bir çoxları razılaşar ki, dini tolerantlıq sahəsində bu ölkənin göstəriciləri xeyli yaxşıdır: misal üçün deyə bilərəm ki, burada son 2500 il ərzində anti-semitizm faktiki olaraq mövcud olmayıb. ATƏT-in nöqteyi nəzərindən ən vacib məsələ isə odur ki, dini tolerantlıq və dini icmaların birgə dinc yaşaması kimi Azərbaycanın çox dəyərli nailiyyəti və müsbət mirası gələcək nəsillər üçün daha da möhkəmləndirilsin və qorunub saxlanılsın.”
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə tolerantlıq və multikultural mədəniyyəti hər bir dövləti gücləndirən, xalqı mütəşəkkil edən və onun birliyini təmin edən bir qüvvə kimi dəyərləndirib. “Sizi əmin edə bilərəm ki, bu gün bir araya gəldiyimiz Azərbaycan torpağında şahidi olduğunuz tərəqqi, həyatın bütün sahələrində inkişafın əldə olunmasına rəvac verən məqamlar sırasında ölkəmizdə hökm sürən tolerantlıq, multikultural mühit və dini-mənəvi irsə ehtiramın böyük rolu var.”
Şeyxülislam Allahşükür Paşazadə həmçinin əlavə edib ki, ATƏT-lə birgə keçirilən bugünkü tədbir Azərbaycan xalqının və dövlətinin ümumbəşər amallar uğrunda beynəlxalq təşkilatlarla əməkdaşlıqda əməli addımlardan biridir. “Biz bu istiqamətdə səylərin davamlı olmasına tərəfdarıq.”
Millətlərarası, multikulturalizm, və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini təqdim edəcək. UNESCO üzrə Azərbaycanın Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva isə UNESCO-nun Baş Katibi İrina Bokovanın çıxışını iştirakçıların diqqətinə çatdıracaq. Tədbirin ünvanına daxil olmuş Rus Pravoslav Kilsəsinin başçısı Patriarx Kiril və Gürcü Pravoslav Kilsəsinin başçısı Katolikos-Patriarx II İliyanın təbriknamələri də təqdim ediləcək.
Azərbaycan, Albaniya, Almaniya, Amerika Birləşmiş Ştatları, Fransa, Gürcüstan, İngiltərə, Polşa, Rusiya Federasiyası, Vatikan, eləcə də İsraili təmsil edən diplomatlar, mütəxəssilər, din xadimləri və alimlər daha geniş ATƏT regionunda dini tolerantlığın üzləşdiyi çağırışlar və bu istiqamətdə görüləcək işlər haqqında danışacaqlar.
Tədbir zamanı, Milli Məslisin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, eləcə də Müsəlmalara qarşı Dözümsüzlük və Ayrıseçkiliklə Mübarizə məsələlərinə dair ATƏT Sədrinin Şəxsi Nümayəndəsi Talip Küçükcan çıxış edəcəklər.