ATƏT Azərbaycanda təbii fəlakət risklərinin azaldlmasına yönəlmiş iki layihəyə qrant verib
BAKI, 24 sentyabr 2014-cü il – ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Ətraf Mühit və Təhlükəsizlik üçün Vətəndaş Fəaliyyəti (TƏMVF) proqramı çərçivəsində təbii fəlakət risklərinin azaldılması sahəsində çalışan iki yerli vətəndaş cəmiyyəti təşkilatına qrant verib.
Ümumi məbləği 20.000 avroya qədər olan qrantlar Ekoleks Ekoloji Hüquq Mərkəzi və Yaddaş Gənc Maarifçilər Ictimai Birliyinə təqdim edilib.
Ekoleks-in həyata keçirəcəyi layihə quraqlığın ətraf mühitə və insanların həyatına necə təsir etdiyini qiymətləndirməklə yanaşı, müəyyən rayonlarda yerli icra hakimiyyəti orqanları və icmalarına müvafiq tövsiyələrin təqdim edilməsini nəzərdə tutur. Yaddaş isə təbii fəlakət risklərinin azaldılması yollarına dair müəllimlər, məktəb şagirdləri və onların valideynləri üçün maarifləndirmə işləri həyata keçirəcək.
Qrant alan təşkilatları ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramı, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Xəzər Universitetinin nümayəndələrindən ibarət olan TƏMVF Seçki Heyəti seçib.
Qrantlar 2009-cu ildə ATƏT Ofisinin başladığı Təhlükəsizlik və Ətraf Mühit naminə Vətəndaş Hərəkatı çərçivəsində verilir. Bu proqram Cənubi Qafqaz regionu üçün Ətraf Mühit və Təhlükəsizlik Təşəbbüsünün bir hissəsidir. Onu icrasını ATƏT-in İqtisadiyyat və Ətraf Mühit fəaliyyətləri üzrə Əlaqələndiricisinin Ofisi həyata keçirir.
Azərbaycanda TƏMVF proqramı Lüksemburq və İsveçrə hökumətlərinin ATƏT-ə büdcədənkənar töhfələri əsasında maliyyələşdirilir. ATƏT-in Bakı Layihə Əlaqələndiricisi bu təşəbbüsə təşkilati və texniki dəstək göstərir.