Fransız diplomat ATƏT-in Bakı Layihə Əlaqələndiricisi vəzifəsinə təyin olunub
Bakı, 14 fevral 2014-cü il – 1 mart 2014-cü il tarixindən etibarən fransız diplomat Aleksis Şahtahtinski ATƏT-in Bakı Layihə Əlaqələndiricisi vəzifəsinə təyin olunub.
“Mən, qarşılıqlı hörmət və etimad əsasında Azərbaycan hökuməti ilə inamlı işguzar əlaqələrinin qurulmasına ümid edirəm,” Şahtahtinski bildirdi.
“Yeni mandata uyğun olaraq, mən, Azərbaycanın hökumət və qeyri-hökumət qurumları, yerli hakimiyyət orqanları, universitetlər, elmi-tədqiqat institutları və vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqələrin saxlanılmasını təmin edəcəm. ATƏT-in özünəməxsus və hərtərəfli təhlükəsizlik konsepsiyasından tam istifadə edərək, komandamın üzvləri ilə birlikdə ATƏT-in hər üç meyarı üzrə layihələrin icrası ilə təşkilatın prinsip və öhdəliklərini təşviq edəcəyik.”
ATƏT-in Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarına əsasən, 1 yanvar 2014-cü il tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub.
Son təyinatından əvvəl, Aleksis Şahtahtinski Fransa Xarici İşlər Nazirliyinin Siyasətin Planlaşdırma Mərkəzində fəaliyyət göstərib və Fransanın Avropa Məsələləri üzrə Nazirinin Xüsusi Müşaviri vəzifəsində çalışıb.
Avropa təhlükəsizliyi üzrə 20 ildən çox təcrübəyə malik peşəkar diplomat, Moskvada NATO İnformasiya Ofisinin rəhbəri, Belarus və Tacikistanda müvəqqəti işlər üzrə vəkil, Krakovda (Polşa) Fransanın baş konsulu vəzifələrində çalışıb. Şaxtaxtinski həmçinin ATƏT-in Bakı Ofisi rəhbərinin müavini olub.