ATƏT-in Bakı Ofisi seçki prosesinə müdaxilənin yol verilməzliyi haqqında məlumat sessiyaları təşkil edir
BAKI, 23 avqust 2013 – Bu gün ATƏT-in Bakı Ofisi Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə 9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkilərinə hazırlıq ərəfəsində Bakıda seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyinin vacibliyi haqqında məlumat sessiyaları silsiləsindən ilkini təşkil etdi.
Mərkəzi Seçki Komissiyası və vətəndaş cəmiyyətini təmsil edən ekspertlər 76 nəfər yerli icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün təqdimatlar keçirdi və məlumat mübadiləsi apardılar.
ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Koray Targay, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəhbərinin müavini Ərəstun Mehdiyev və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Piltz açılış nitqləri ilə çıxış etdilər.
“Azərbaycan öz potensialını əsl mənada demokratik inkişaf vasitəsilə reallaşdıra bilər. ATƏT Azərbaycanı azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı öhdəliklərinin icrasında dəstəkləməyə davam edəcəkdir,” səfir Targay bildirdi.
Məlumat sessiyaları Mingəçevir və Şirvan şəhərlərində müvafiq olaraq 27 və 30 avqust tarixlərində davam edəcək.