ATƏT Azərbaycanda ətraf mühit və təhlükəsizlik məsələləri üzrə layihələrə qrantlar verir
ATƏT-in Bakı Ofisi 29 may 2012-ci il tarixində dörd vətəndaş cəmiyyəti təşkilatını ətraf mühit və təhlükəsizlik sahələrində layihələr həyata keçirmək üçün qrantlarla mükafatlandırıb.
11,000-15,000 avro məbləğində olan qrantlar “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi, İqtisadi Araşdırmalar Mərkəzi, “Davamlı İnkişaf Naminə” Mərkəz və EkoSfera Sosial-Ekoloji Mərkəzə veriləcək. Layihələr üçün ayrılan maliyyə bakalavr dərəcəsində ixtisas üçün biomüxtəliflik sahəsində tədris proqramının hazırlanması, davamlı kənd təsərrüfatı praktikasının dəstəklənməsi, ətraf mühitin müdafiəsi sahəsində gənclərin təbliğat bacarıqlarının artırılması və suyun idarə olunmasında davamlı üsulların dəstəklənməsinə sərf olunacaq.
Qrant alan təşkilatları ATƏT-in Bakı Ofisi, BMT İnkişaf Proqramı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrindən ibarət olan heyət seçib.
Qrantlar 2009-cu ildə ATƏT Ofisinin başlatdığı Təhlükəsizlik və Ətraf Mühit naminə Vətəndaş Hərəkatı çərçivəsində verilir. ATƏT-in İqtisadiyyat və Ətraf Mühit sahəsində fəaliyyətləri üzrə Kordinatorunun Ofisi tərəfindən aparılan Təhlükəsizlik və Ətraf Mühit naminə Vətəndaş Hərəkatı təşkilatın Cənubi Qafqaz regionunda Ətraf Mühit və Təhlükəsizlik Təşəbbüsü üzrə iş proqramının bir hissəsidir.
Ətraf Mühit və Təhlükəsizlik Təşəbbüsü ATƏT, BMT İnkişaf Proqramı, BMT Ətraf Mühit Proqramı, Avropa üzrə BMT İqtisadiyyat Komissiyası, eləcə də Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzi və məşvərətçi tərəfdaş qismində NATO arasında tərəfdaşlıqdan ibarətdir. Azərbaycanda Təhlükəsizlik və Ətraf Mühit naminə Vətəndaş Hərəkatı proqramı ABŞ və Norveçin, eləcə də Finlandiyanın Ətraf Mühit və Təhlükəsizlik Təşəbbüsünə edilən töhfələri əsasında, ATƏT-in Bakı Ofisi tərəfindən maliyyələşdirilir.